Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
BİR AİLƏNİN FACİƏSİ

0




  • Bədxah qonşularımız ermənilər tarixi torpaqlarımızın işğal planlarını yerinə yetirməklə 
    yanaşı, xalqımıza qarşı  hər fürsətdə soyqırımlar həyata keçirmək mənfur siyasətlərinin əsas məqsədlərindən olmuşdur. Erməni quldurları Meşəli kəndində də belə soyqırım aktlarından birini həyata keçirmişlər.
            Əliyeva Zabilə Novruz qızı Meşəli kəndində baş vermiş o qanlı faciəni, doğmalarını itirməsinin acısını oxucularla paylaşmaq üçün “Xocalının səsi” qəzetinə müsahibə verdi.
    Zabilə Əliyeva 1969-cu il fevral ayının 2-də Xocalı rayon Meşəli kəndində anadan olmuşdur.
            - Meşəli kəndində baş vermiş faciəni necə xatırlayırsınız?
            - Həmin gün mənim üçün çox ağırdı. İllər ötməsinə baxmayaraq, o günlər gözümün qabağından getmir.
            Səhər saat 6-7 radələri olardı ki, ermənilər kəndə basqın etmişdilər. Qalın qar yağmışdı. Ayaqyalın Meşəlinin üstündəki yala çıxdıq. Oradan kənd aydın görsənirdi. Kəndimizdəki evlər, ot tayaları yandırılmışdı. Xeyli atışmadan sonra Kosalardan, Xocalıdan gələn köməklə azğın düşmənlər kənddən çıxarıldı. Kəndi vahimə basmışdı. Yanmış cəsədlərin qoxusu ətrafa yayılmışdı. Bacılarımdan, qardaşlarımdan, valideynlərimdən xəbərim yox idi. Doğmalarımdan heç bir xəbər ala bilmədən Qaragava getdim.
            - Doğmalarınız necə şəhid olmuşlar?
            - Erməni quldurları kəndə hücum edəndə qohum-qonşulardan bəzisi bizim evə yığışmışdı. Evimiz atəşə tutulmuşdu. Atam heç kəsi çölə çıxmağa qoymurdu. Ancaq bacım çıxıb qaçmaq istəyərkən ermənilər başından güllə ilə vurublar. Sonra atılan əl qumbarasından qaz balonu partlamış və bacımı yandırmışdı. Bizim evdə qalan Ağdamın Xıdırlı kəndindən olan Hidayət adlı polis işçisi erməniləri çağıraraq deyir ki, qoyun qadınlar və uşaqlar çıxıb getsinlər, siz davanızı bizlə edin. Bu məqamda azğınlaşmış qatillər Hidayəti ayağından vurmuşlar. Evə girdikdən bir qədər sonra o, güclü qanaxmadan keçinmişdir. Atam qoşalüləni kənara qoyub onun avtomatını götürür və bir neçə saat döyüşdükdən sonra şəhid olur. Atama güllə dəyəndə deyib ki, pis yerdə axşamladınız, çalışın ermənilərə əsir düşməyin. Ermənilər Meşəli ilə Badara arasında Urben adında erməninin öldürülməsini atamdan bilirdilər. Ona görə düşmənlər atamdan qisas almaq niyyətində idilər. Ev artıq yanırdı. Evdəkilər çölə çıxmalı idi. Qardaşım Barat çölə çıxaraq deyib ki, xahiş edirəm qoyun qadınlar çıxıb getsin mən təslim olacağam. Qardaşımın qolunu bağlayırlar. Ondan yanan evdə neçə nəfər olduğunu soruşanda 4 nəfər və atamın evdə olduğunu deyib. Anam isə yanan tövlənin qapısını açıb mal-qaranı çıxartmaq istəyəndə onu güllə ilə vururlar. Rübabə bacım yenidən qayıdıb qardaşımın yanına gəlib deyir ki, qardaş mən nə edim. Qardaşım deyib ki, anamın arxasınca get. Ancaq Rübabə bacım axı anam ölüb deyir. Bu zaman ermənilər onun sinəsindən vurur. Bacım əli ürəyinin üstündə anamın meyitinin üstündə yavaşca yerə yıxılır. Qardaşım bacıma baxmağa gedərkən avtomatın qundağı ilə onu əsir tutan ermənilər boynundan vururlar. Qardaşım aldığı zərbədən huşunu itirir.
            Baratı əsir aparanda kənddən Badara istiqamətində təxminən 3 km məsafədə olan gölün yanından keçərkən onu aparan ermənilərdən biri bıçağı çıxarıb onun qulağını kəsmək istəyir. Sonra ermənilər öz aralarında danışır ki, bunu aparıb Urbenin qəbrinin üstündə başını kəsək. Bu sözü duyan qardaşım çarəni özünü gölə atıb öldürməkdə bilir. Ancaq təsadüfdən gölə düşən qardaşım suda boğulmur. O göldə olarkən ermənilər quş qırması ilə üzünə, qollarına atıblar. Göldən çıxıb qaçarkən onun çiynindən yanan güllə ilə vururlar. Qardaşım çiynini ağaca və qara sürtərək odu söndürüb. Kəndə ermənilər hücum edən axşamı Rübabəyə toxutdurduğu qırmızı rəngli corabı əli-qolu bağlı vəziyyətdə çıxardır ki, ayağına yapışmasın. Bacımın tikdiyi corabları əlində sıxaraq zülmlə Qaragava gəlib çıxır.
            Kənddə şəhid olan iki polisdən biri qardaşım Zakirdir, əsir düşən iki sakindən biri qardaşım Baratdır, yeddi şəhid düşən qadının sırasında iki bacım və anam da var.
            Qalib BƏYMƏMMƏDOĞLU
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib43 dəfə
    BİR AİLƏNİN FACİƏSİ

    Maraqlı gələ bilər
    50
    47
    50
    42